Məzmuna keç

Qurandan dualar (84)

  1. Bizi doğru yola yönəlt

    1:6-7 · Al-Fatihah

    ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ

    صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ

    Bizi doğru yola yönəlt!

    Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!

  2. Buranı təhlükəsiz şəhər et və əhalisinə ruzi ver

    2:126 · Al-Baqarah

    وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا بَلَدًا ءَامِنٗا وَٱرۡزُقۡ أَهۡلَهُۥ مِنَ ٱلثَّمَرَٰتِ مَنۡ ءَامَنَ مِنۡهُم بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُۥ قَلِيلٗا ثُمَّ أَضۡطَرُّهُۥٓ إِلَىٰ عَذَابِ ٱلنَّارِۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ

    Bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah buyurdu: “Mən kafir olan kimsəyə bir qədər zövq almağa izin verər, sonra isə onu Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”

  3. Bunu bizdən qəbul et

    2:127 · Al-Baqarah

    وَإِذۡ يَرۡفَعُ إِبۡرَٰهِـۧمُ ٱلۡقَوَاعِدَ مِنَ ٱلۡبَيۡتِ وَإِسۡمَٰعِيلُ رَبَّنَا تَقَبَّلۡ مِنَّآۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

    Bir zaman İbrahim və İsmail müqəddəs Evin bünövrəsini ucaldarkən belə dua etmişdi: “Ey Rəbbimiz! Bu əməli bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!

  4. Bizi Sənə təslim olanlardan et

    2:128 · Al-Baqarah

    رَبَّنَا وَٱجۡعَلۡنَا مُسۡلِمَيۡنِ لَكَ وَمِن ذُرِّيَّتِنَآ أُمَّةٗ مُّسۡلِمَةٗ لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبۡ عَلَيۡنَآۖ إِنَّكَ أَنتَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

    Ey Rəbbimiz! Hər ikimizi də Sənə təslim olan, nəslimizdən də Sənə təslim olacaq bir ümmət et. Bizə ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!

  5. Onlara öz aralarından bir elçi göndər

    2:129 · Al-Baqarah

    رَبَّنَا وَٱبۡعَثۡ فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُزَكِّيهِمۡۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

    Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Hikmətlisən!”

  6. Dünyada da, axirətdə də yaxşılıq

    2:201 · Al-Baqarah

    وَمِنۡهُم مَّن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ حَسَنَةٗ وَقِنَا عَذَابَ ٱلنَّارِ

    Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi (Cəhənnəm) odunun əzabından qoru!”– deyənlər də vardır.

  7. Üstümüzə səbir yağdır

    2:250 · Al-Baqarah

    وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُواْ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

    Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda, dedilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

  8. Eşitdik və itaət etdik

    2:285 · Al-Baqarah

    ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ

    Allahın rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (Həmçinin,) dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş yalnız Sənədir!”

  9. Gücümüz çatmayanı bizə yükləmə

    2:286 · Al-Baqarah

    لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

    Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!”

  10. Qəlblərimizi sapdırma

    3:8 · Ali 'Imran

    رَبَّنَا لَا تُزِغۡ قُلُوبَنَا بَعۡدَ إِذۡ هَدَيۡتَنَا وَهَبۡ لَنَا مِن لَّدُنكَ رَحۡمَةًۚ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ

    Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

  11. İnsanları bir gün üçün toplayacaqsan

    3:9 · Ali 'Imran

    رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوۡمٖ لَّا رَيۡبَ فِيهِۚ إِنَّ ٱللَّهَ لَا يُخۡلِفُ ٱلۡمِيعَادَ

    Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə, insanları (bir yerə) cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz!

  12. İman gətirdik, bizi bağışla

    3:16 · Ali 'Imran

    ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ

    O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, günahlarımızı bağışla və bizi Od əzabından qoru!” – deyirlər.

  13. Bütün mülkün sahibi

    3:26-27 · Ali 'Imran

    قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلۡمُلۡكِ تُؤۡتِي ٱلۡمُلۡكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلۡمُلۡكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُۖ بِيَدِكَ ٱلۡخَيۡرُۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

    تُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۖ وَتُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَتُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّۖ وَتَرۡزُقُ مَن تَشَآءُ بِغَيۡرِ حِسَابٖ

    De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan; istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.

    Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan. Ölüdən diri çıxarır, diridən də ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.

  14. Bətnimdəkini Sənə nəzir etdim

    3:35 · Ali 'Imran

    إِذۡ قَالَتِ ٱمۡرَأَتُ عِمۡرَٰنَ رَبِّ إِنِّي نَذَرۡتُ لَكَ مَا فِي بَطۡنِي مُحَرَّرٗا فَتَقَبَّلۡ مِنِّيٓۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

    Bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. (Bu nəziri) məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.

  15. Onu və nəslini Sənə sığındırıram

    3:36 · Ali 'Imran

    فَلَمَّا وَضَعَتۡهَا قَالَتۡ رَبِّ إِنِّي وَضَعۡتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعۡلَمُ بِمَا وَضَعَتۡ وَلَيۡسَ ٱلذَّكَرُ كَٱلۡأُنثَىٰۖ وَإِنِّي سَمَّيۡتُهَا مَرۡيَمَ وَإِنِّيٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ

    (Nəhayət,) bari-həmlini yerə qoyduğu zaman dedi: “Ey Rəbbim! Mən qız doğdum” – (halbuki,) Allah onun nə doğduğunu yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”.

  16. Mənə xeyirli övlad bəxş et

    3:38 · Ali 'Imran

    هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥۖ قَالَ رَبِّ هَبۡ لِي مِن لَّدُنكَ ذُرِّيَّةٗ طَيِّبَةًۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ

    Zəkəriyya orada Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir zürriyyət bəxş et! Şübhəsiz ki, Sən duaları eşidənsən”.

  17. Nazil etdiyinə iman gətirdik

    3:53 · Ali 'Imran

    رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلۡتَ وَٱتَّبَعۡنَا ٱلرَّسُولَ فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّٰهِدِينَ

    Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də, şahidlərlə bir yerdə yaz!”

  18. Günahlarımızı və həddi aşmağımızı bağışla

    3:147 · Ali 'Imran

    وَمَا كَانَ قَوۡلَهُمۡ إِلَّآ أَن قَالُواْ رَبَّنَا ٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَإِسۡرَافَنَا فِيٓ أَمۡرِنَا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

    Onların sözü ancaq: “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.

  19. Bunu boş yerə yaratmadın

    3:191 · Ali 'Imran

    ٱلَّذِينَ يَذۡكُرُونَ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِهِمۡ وَيَتَفَكَّرُونَ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبَّنَا مَا خَلَقۡتَ هَٰذَا بَٰطِلٗا سُبۡحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ

    O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər (və deyərlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Cəhənnəm əzabından qoru!

  20. Oda kimi salsan

    3:192 · Ali 'Imran

    رَبَّنَآ إِنَّكَ مَن تُدۡخِلِ ٱلنَّارَ فَقَدۡ أَخۡزَيۡتَهُۥۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ

    Ey Rəbbimiz! Sən Oda saldığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Zalımların heç bir köməkçisi olmaz.

  21. İmana çağıran bir carçı eşitdik

    3:193 · Ali 'Imran

    رَّبَّنَآ إِنَّنَا سَمِعۡنَا مُنَادِيٗا يُنَادِي لِلۡإِيمَٰنِ أَنۡ ءَامِنُواْ بِرَبِّكُمۡ فَـَٔامَنَّاۚ رَبَّنَا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَكَفِّرۡ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلۡأَبۡرَارِ

    Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla birgə al!

  22. Bizə vəd etdiyini ver

    3:194 · Ali 'Imran

    رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ

    Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə vəd etdiklərini bizə ver və Qiyamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan!”

  23. Bizi bu zalım şəhərdən çıxart

    4:75 · An-Nisa

    وَمَا لَكُمۡ لَا تُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡ هَٰذِهِ ٱلۡقَرۡيَةِ ٱلظَّالِمِ أَهۡلُهَا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ وَلِيّٗا وَٱجۡعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا

    Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) çıxart, bizə Öz tərəfindən bir himayəçi yolla, bizə Öz tərəfindən bir yardımçı göndər!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?!

  24. Bizimlə fasiq tayfanın arasını ayır

    5:25 · Al-Ma'idah

    قَالَ رَبِّ إِنِّي لَآ أَمۡلِكُ إِلَّا نَفۡسِي وَأَخِيۖ فَٱفۡرُقۡ بَيۡنَنَا وَبَيۡنَ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ

    O, dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”

  25. Bizi şahidlərlə birlikdə yaz

    5:83 · Al-Ma'idah

    وَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّٰهِدِينَ

    Allahın elçisinə nazil ediləni (Quranı) eşitdikləri zaman, haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar (belə) deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!

  26. Bizə göydən bir süfrə endir

    5:114 · Al-Ma'idah

    قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلۡ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدٗا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةٗ مِّنكَۖ وَٱرۡزُقۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّٰزِقِينَ

    Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir dəlil olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən xeyirlisisən!”

  27. Özümüzə zülm etdik

    7:23 · Al-A'raf

    قَالَا رَبَّنَا ظَلَمۡنَآ أَنفُسَنَا وَإِن لَّمۡ تَغۡفِرۡ لَنَا وَتَرۡحَمۡنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ

    Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.

  28. Bizi zalım tayfa ilə bir yerə salma

    7:47 · Al-A'raf

    ۞ وَإِذَا صُرِفَتۡ أَبۡصَٰرُهُمۡ تِلۡقَآءَ أَصۡحَٰبِ ٱلنَّارِ قَالُواْ رَبَّنَا لَا تَجۡعَلۡنَا مَعَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

    Onların gözləri Cəhənnəm sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalım qövmlə tay tutma!”

  29. Bizimlə qövmümüz arasında haqq ilə hökm ver

    7:89 · Al-A'raf

    قَدِ ٱفۡتَرَيۡنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنۡ عُدۡنَا فِي مِلَّتِكُم بَعۡدَ إِذۡ نَجَّىٰنَا ٱللَّهُ مِنۡهَاۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَاۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيۡءٍ عِلۡمًاۚ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَاۚ رَبَّنَا ٱفۡتَحۡ بَيۡنَنَا وَبَيۡنَ قَوۡمِنَا بِٱلۡحَقِّ وَأَنتَ خَيۡرُ ٱلۡفَٰتِحِينَ

    Allah bizi, sizin dininizdən xilas etdikdən sonra biz yenə də sizin dininizə qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allah istəməyincə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimizin elmi hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Sən hökm verənlərin ən yaxşısısan”.

  30. Üstümüzə səbir yağdır və bizi müsəlman olaraq öldür

    7:126 · Al-A'raf

    وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنۡ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتۡنَاۚ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَتَوَفَّنَا مُسۡلِمِينَ

    Sən yalnız, Rəbbimizin dəlilləri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə (bol-bol) səbir əta et və canımızı müsəlman olaraq al”.

  31. Sən paksan, Sənə tövbə etdim

    7:143 · Al-A'raf

    وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِيٓ أَنظُرۡ إِلَيۡكَۚ قَالَ لَن تَرَىٰنِي وَلَٰكِنِ ٱنظُرۡ إِلَى ٱلۡجَبَلِ فَإِنِ ٱسۡتَقَرَّ مَكَانَهُۥ فَسَوۡفَ تَرَىٰنِيۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلۡجَبَلِ جَعَلَهُۥ دَكّٗا وَخَرَّ مُوسَىٰ صَعِقٗاۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبۡحَٰنَكَ تُبۡتُ إِلَيۡكَ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُؤۡمِنِينَ

    Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. (Allah) dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.” Rəbbi dağa təcəlli etdikdə onu parça-parça etdi. Musa da bayılaraq yerə yıxıldı. O özünə gəldikdə isə: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”– dedi

  32. Məni və qardaşımı bağışla, bizi mərhəmətinə daxil et

    7:151 · Al-A'raf

    قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَلِأَخِي وَأَدۡخِلۡنَا فِي رَحۡمَتِكَۖ وَأَنتَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ

    (Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!”

  33. Bizi bağışla, Sən bağışlayanların ən yaxşısısan

    7:155 · Al-A'raf

    وَٱخۡتَارَ مُوسَىٰ قَوۡمَهُۥ سَبۡعِينَ رَجُلٗا لِّمِيقَٰتِنَاۖ فَلَمَّآ أَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ قَالَ رَبِّ لَوۡ شِئۡتَ أَهۡلَكۡتَهُم مِّن قَبۡلُ وَإِيَّٰيَۖ أَتُهۡلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآۖ إِنۡ هِيَ إِلَّا فِتۡنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهۡدِي مَن تَشَآءُۖ أَنتَ وَلِيُّنَا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَاۖ وَأَنتَ خَيۡرُ ٱلۡغَٰفِرِينَ

    Musa Bizim təyin etdiyimiz vaxt üçün qövmündən yetmiş kişi seçdi. Onları sarsıntı yaxaladıqda (həlak oldular). Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən yaxşısısan.

  34. Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz

    7:156 · Al-A'raf

    ۞ وَٱكۡتُبۡ لَنَا فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ إِنَّا هُدۡنَآ إِلَيۡكَۚ قَالَ عَذَابِيٓ أُصِيبُ بِهِۦ مَنۡ أَشَآءُۖ وَرَحۡمَتِي وَسِعَتۡ كُلَّ شَيۡءٖۚ فَسَأَكۡتُبُهَا لِلَّذِينَ يَتَّقُونَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِنَا يُؤۡمِنُونَ

    Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.

  35. Bizi zalım tayfa üçün sınaq etmə

    10:85-86 · Yunus

    فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

    وَنَجِّنَا بِرَحۡمَتِكَ مِنَ ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

    Onlar dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım qövmün fitnəsinə məruz qoyma!

    Və bizi Öz mərhəmətinlə kafir qövmdən xilas et!”

  36. Bilmədiyimi istəməkdən Sənə sığınıram

    11:47 · Hud

    قَالَ رَبِّ إِنِّيٓ أَعُوذُ بِكَ أَنۡ أَسۡـَٔلَكَ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞۖ وَإِلَّا تَغۡفِرۡ لِي وَتَرۡحَمۡنِيٓ أَكُن مِّنَ ٱلۡخَٰسِرِينَ

    (Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”.

  37. Zindan, məni çağırdıqlarından daha xoşdur

    12:33 · Yusuf

    قَالَ رَبِّ ٱلسِّجۡنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدۡعُونَنِيٓ إِلَيۡهِۖ وَإِلَّا تَصۡرِفۡ عَنِّي كَيۡدَهُنَّ أَصۡبُ إِلَيۡهِنَّ وَأَكُن مِّنَ ٱلۡجَٰهِلِينَ

    (Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha sevimlidir. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.

  38. Canımı müsəlman olaraq al

    12:101 · Yusuf

    ۞ رَبِّ قَدۡ ءَاتَيۡتَنِي مِنَ ٱلۡمُلۡكِ وَعَلَّمۡتَنِي مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَنتَ وَلِيِّۦ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ تَوَفَّنِي مُسۡلِمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ

    (Sonra Yusif dua edib dedi:) “Ey Rəbbim! Sən mənə mülk bəxş etdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman olduğum halda al və məni əməlisalehlərə qovuşdur”.

  39. Bu şəhəri təhlükəsiz et

    14:35 · Ibrahim

    وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ رَبِّ ٱجۡعَلۡ هَٰذَا ٱلۡبَلَدَ ءَامِنٗا وَٱجۡنُبۡنِي وَبَنِيَّ أَن نَّعۡبُدَ ٱلۡأَصۡنَامَ

    Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!

  40. İnsanların qəlblərini onlara meyl etdir

    14:37 · Ibrahim

    رَّبَّنَآ إِنِّيٓ أَسۡكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيۡرِ ذِي زَرۡعٍ عِندَ بَيۡتِكَ ٱلۡمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ ٱلصَّلَوٰةَ فَٱجۡعَلۡ أَفۡـِٔدَةٗ مِّنَ ٱلنَّاسِ تَهۡوِيٓ إِلَيۡهِمۡ وَٱرۡزُقۡهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمۡ يَشۡكُرُونَ

    Ey Rəbbimiz! Mən zürriyyətimdən bəzisini Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, heç bir bitki olmayan bir vadidə yerləşdirdim. Ey Rəbbimiz! Onlar (doğru-düzgün) namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) meyvələrindən ruzi ver ki, bəlkə şükür etsinlər.

  41. Gizlətdiyimizi də, aşkar etdiyimizi də bilirsən

    14:38 · Ibrahim

    رَبَّنَآ إِنَّكَ تَعۡلَمُ مَا نُخۡفِي وَمَا نُعۡلِنُۗ وَمَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِن شَيۡءٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ

    Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz.

  42. Məni namaz qılanlardan et

    14:40 · Ibrahim

    رَبِّ ٱجۡعَلۡنِي مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِيۚ رَبَّنَا وَتَقَبَّلۡ دُعَآءِ

    Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları da, (doğru-düzgün) namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!

  43. Məni və valideynlərimi bağışla

    14:41 · Ibrahim

    رَبَّنَا ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِلۡمُؤۡمِنِينَ يَوۡمَ يَقُومُ ٱلۡحِسَابُ

    Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”

  44. Məni böyütdükləri kimi onlara rəhm et

    17:24 · Al-Isra

    وَٱخۡفِضۡ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحۡمَةِ وَقُل رَّبِّ ٱرۡحَمۡهُمَا كَمَا رَبَّيَانِي صَغِيرٗا

    Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.

  45. Məni doğruluqla daxil et, doğruluqla çıxart

    17:80 · Al-Isra

    وَقُل رَّبِّ أَدۡخِلۡنِي مُدۡخَلَ صِدۡقٖ وَأَخۡرِجۡنِي مُخۡرَجَ صِدۡقٖ وَٱجۡعَل لِّي مِن لَّدُنكَ سُلۡطَٰنٗا نَّصِيرٗا

    De: “Ey Rəbbim! Məni daxil olacağım yerə (Mədinəyə) yaxşılıqla daxil et; məni çıxacağım yerdən (Məkkədən) də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.

  46. Bizə Öz dərgahından mərhəmət ver

    18:10 · Al-Kahf

    إِذۡ أَوَى ٱلۡفِتۡيَةُ إِلَى ٱلۡكَهۡفِ فَقَالُواْ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحۡمَةٗ وَهَيِّئۡ لَنَا مِنۡ أَمۡرِنَا رَشَدٗا

    Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.

  47. Sümüklərim zəiflədi, mənə bir varis bəxş et

    19:4-6 · Maryam

    قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا

    وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا

    يَرِثُنِي وَيَرِثُ مِنۡ ءَالِ يَعۡقُوبَۖ وَٱجۡعَلۡهُ رَبِّ رَضِيّٗا

    demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam.

    Mən özümdən sonra gələn qohumlarımdan (bəzisinin dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,

    o həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!”

  48. Köksümü genişləndir və işimi asanlaşdır

    20:25-28 · Taha

    قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي

    وَيَسِّرۡ لِيٓ أَمۡرِي

    وَٱحۡلُلۡ عُقۡدَةٗ مِّن لِّسَانِي

    يَفۡقَهُواْ قَوۡلِي

    (Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!

    İşimi yüngülləşdir!

    Dilimdəki düyünü aç ki,

    sözümü anlasınlar!

  49. Bizə həddi aşmasından qorxuruq

    20:45 · Taha

    قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ

    Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”.

  50. Elmimi artır

    20:114 · Taha

    فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۗ وَلَا تَعۡجَلۡ بِٱلۡقُرۡءَانِ مِن قَبۡلِ أَن يُقۡضَىٰٓ إِلَيۡكَ وَحۡيُهُۥۖ وَقُل رَّبِّ زِدۡنِي عِلۡمٗا

    Haqq Hökmdar olan Allah ucadır! Onun sənə nazil etdiyi vəhy tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.

  51. Mənə bəla toxundu

    21:83 · Al-Anbiya

    ۞ وَأَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلضُّرُّ وَأَنتَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ

    Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə nida edərək demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

  52. Səndən başqa ilah yoxdur, Sən paksan

    21:87 · Al-Anbiya

    وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبٗا فَظَنَّ أَن لَّن نَّقۡدِرَ عَلَيۡهِ فَنَادَىٰ فِي ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبۡحَٰنَكَ إِنِّي كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ

    Zün-Nunu (Yunusu) da (yada sal)! Bir zaman o qəzəbli halda (qövmündən ayrılıb) getmiş və onu sıxıntıya salmayacağımızı güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”

  53. Məni tək qoyma

    21:89 · Al-Anbiya

    وَزَكَرِيَّآ إِذۡ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرۡنِي فَرۡدٗا وَأَنتَ خَيۡرُ ٱلۡوَٰرِثِينَ

    Zəkəriyyanı da (yada sal)! Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən xeyirlisisən!”

  54. Haqq ilə hökm ver

    21:112 · Al-Anbiya

    قَٰلَ رَبِّ ٱحۡكُم بِٱلۡحَقِّۗ وَرَبُّنَا ٱلرَّحۡمَٰنُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

    (Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”.

  55. Məni yalançı saydılar, mənə kömək et

    23:26 · Al-Mu'minun

    قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ

    O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə yardım et!”

  56. Məni mübarək bir yerə endir

    23:29 · Al-Mu'minun

    وَقُل رَّبِّ أَنزِلۡنِي مُنزَلٗا مُّبَارَكٗا وَأَنتَ خَيۡرُ ٱلۡمُنزِلِينَ

    Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən yer verənlərin ən yaxşısısan!”

  57. Məni zalım tayfanın içində qoyma

    23:93-94 · Al-Mu'minun

    قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ

    رَبِّ فَلَا تَجۡعَلۡنِي فِي ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

    De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə,

    məni zalım qövmün içində qoyma, ey Rəbbim!”

  58. Şeytanların vəsvəsələrindən Sənə sığınıram

    23:97-98 · Al-Mu'minun

    وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنۡ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ

    وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحۡضُرُونِ

    De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!

    Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”

  59. İman gətirdik, bizi bağışla və bizə rəhm et

    23:109 · Al-Mu'minun

    إِنَّهُۥ كَانَ فَرِيقٞ مِّنۡ عِبَادِي يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ

    Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”– deyirdilər.

  60. Bağışla və rəhm et, Sən rəhm edənlərin ən yaxşısısan

    23:118 · Al-Mu'minun

    وَقُل رَّبِّ ٱغۡفِرۡ وَٱرۡحَمۡ وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ

    De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”

  61. Cəhənnəm əzabını bizdən uzaqlaşdır

    25:65-66 · Al-Furqan

    وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصۡرِفۡ عَنَّا عَذَابَ جَهَنَّمَۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا

    إِنَّهَا سَآءَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا

    Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq et. Doğrusu, onun əzabı daimidir.

    Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”

  62. Zövcələrimiz və övladlarımız gözümüzün nuru olsun

    25:74 · Al-Furqan

    وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبۡ لَنَا مِنۡ أَزۡوَٰجِنَا وَذُرِّيَّٰتِنَا قُرَّةَ أَعۡيُنٖ وَٱجۡعَلۡنَا لِلۡمُتَّقِينَ إِمَامًا

    Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzün nuru olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”– deyərlər.

  63. Mənə hikmət ver və məni salehlərə qovuşdur

    26:83-87 · Ash-Shu'ara

    رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ

    وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ

    وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ

    وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ

    وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ

    Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!

    Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə!

    Məni Nəim cənnətinin varislərindən et!

    Atamı bağışla! Çünki o, azmışlardandır.

    (İnsanların) dirildiləcəyi gün məni rüsvay etmə!

  64. Mənimlə onların arasında hökm ver və məni qurtar

    26:117-118 · Ash-Shu'ara

    قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ

    فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

    (Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.

    Mənimlə onların arasında hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”

  65. Məni və ailəmi onların etdiklərindən qurtar

    26:169 · Ash-Shu'ara

    رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ

    Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”

  66. Nemətinə şükür etməyi mənə nəsib et

    27:19 · An-Naml

    فَتَبَسَّمَ ضَاحِكٗا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّٰلِحِينَ

    (Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə, həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməli etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”

  67. Özümə zülm etdim, məni bağışla

    28:16 · Al-Qasas

    قَالَ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي فَٱغۡفِرۡ لِي فَغَفَرَ لَهُۥٓۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ

    (Musa) dedi: “Ey Rəbbim! Mən nəfsimə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.

  68. Məni zalım tayfadan qurtar

    28:21 · Al-Qasas

    فَخَرَجَ مِنۡهَا خَآئِفٗا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

    (Musa) qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım qövmdən xilas et!”– dedi.

  69. Mənə göndərəcəyin hər xeyrə möhtacam

    28:24 · Al-Qasas

    فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٖ فَقِيرٞ

    (Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”

  70. Fitnəkar tayfaya qarşı mənə kömək et

    29:30 · Al-Ankabut

    قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ

    (Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et!”

  71. Mənə saleh övlad bəxş et

    37:100 · As-Saffat

    رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ

    O (dedi:) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (bir övlad) bəxş et!”

  72. Qulların arasında hökmü Sən verirsən

    39:46 · Az-Zumar

    قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ عَٰلِمَ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحۡكُمُ بَيۡنَ عِبَادِكَ فِي مَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ

    (Ey Peyğəmbər!) De: “Ey göyləri və yeri yaradan, qeybi və aşkarı bilən Allahım! Qullarının arasında ixtilafda olduqları (məsələlər) barəsində hökmü yalnız Sən verəcəksən!”

  73. Rəhmətin və elmin hər şeyi əhatə edib

    40:7 · Ghafir

    ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ

    Ərşi daşıyanlar və onun ətrafındakılar Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları Cəhənnəm əzabından qoru!

  74. Onları Ədn cənnətlərinə daxil et

    40:8-9 · Ghafir

    رَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

    وَقِهِمُ ٱلسَّيِّـَٔاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمۡتَهُۥۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

    Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Hikmət sahibisən.

    Onları pisliklərdən qoru. O gün (Qiyamət günü) Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”.

  75. Məni şükür edən, nəslimi saleh et

    46:15 · Al-Ahqaf

    وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ إِحۡسَٰنًاۖ حَمَلَتۡهُ أُمُّهُۥ كُرۡهٗا وَوَضَعَتۡهُ كُرۡهٗاۖ وَحَمۡلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهۡرًاۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرۡبَعِينَ سَنَةٗ قَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَصۡلِحۡ لِي فِي ذُرِّيَّتِيٓۖ إِنِّي تُبۡتُ إِلَيۡكَ وَإِنِّي مِنَ ٱلۡمُسۡلِمِينَ

    Biz insana valideynlərinə yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) məşəqqətlə daşımış və məşəqqətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, o, kamillik həddinə yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın saleh əməlləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”

  76. Mən məğlub oldum, mənə kömək et

    54:10 · Al-Qamar

    فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبٞ فَٱنتَصِرۡ

    (Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum! Mənə yardım et!”– dedi.

  77. Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla

    59:10 · Al-Hashr

    وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعۡدِهِمۡ يَقُولُونَ رَبَّنَا ٱغۡفِرۡ لَنَا وَلِإِخۡوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلۡإِيمَٰنِ وَلَا تَجۡعَلۡ فِي قُلُوبِنَا غِلّٗا لِّلَّذِينَ ءَامَنُواْ رَبَّنَآ إِنَّكَ رَءُوفٞ رَّحِيمٌ

    Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Qəlblərimizdə iman gətirənlərə qarşı kinə və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən şəfqətlisən, rəhmlisən!”

  78. Sənə təvəkkül etdik

    60:4 · Al-Mumtahanah

    قَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٞ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ إِلَّا قَوۡلَ إِبۡرَٰهِيمَ لِأَبِيهِ لَأَسۡتَغۡفِرَنَّ لَكَ وَمَآ أَمۡلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَيۡءٖۖ رَّبَّنَا عَلَيۡكَ تَوَكَّلۡنَا وَإِلَيۡكَ أَنَبۡنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ

    İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz sizi inkar edirik. Siz tək olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəm. Lakin Allahdan sənə gələn əzabı dəf edə bilməyəcəm!”– deməsi müstəsnadır. (Onlar belə dedilər:) “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.

  79. Bizi inkar edənlər üçün sınaq etmə

    60:5 · Al-Mumtahanah

    رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ وَٱغۡفِرۡ لَنَا رَبَّنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

    Ey Rəbbimiz! Bizi kafirlərin fitnəsinə (əzabına) məruz qoyma. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrət və Hikmət sahibisən!”

  80. Nurumuzu tamamla

    66:8 · At-Tahrim

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُوٓاْ إِلَى ٱللَّهِ تَوۡبَةٗ نَّصُوحًا عَسَىٰ رَبُّكُمۡ أَن يُكَفِّرَ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيُدۡخِلَكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يَوۡمَ لَا يُخۡزِي ٱللَّهُ ٱلنَّبِيَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥۖ نُورُهُمۡ يَسۡعَىٰ بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۡ يَقُولُونَ رَبَّنَآ أَتۡمِمۡ لَنَا نُورَنَا وَٱغۡفِرۡ لَنَآۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

    Ey iman gətirənlər! Allaha səmimi tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah, Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmaz .Onların nuru önlərindən və sağ tərəflərində gedərkən onlar: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”– deyəcəklər.

  81. Mənə Öz yanında, cənnətdə bir ev tik

    66:11 · At-Tahrim

    وَضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ ءَامَنُواْ ٱمۡرَأَتَ فِرۡعَوۡنَ إِذۡ قَالَتۡ رَبِّ ٱبۡنِ لِي عِندَكَ بَيۡتٗا فِي ٱلۡجَنَّةِ وَنَجِّنِي مِن فِرۡعَوۡنَ وَعَمَلِهِۦ وَنَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

    Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım qövmdən xilas et!”– demişdi.

  82. Məni, valideynlərimi və möminləri bağışla

    71:28 · Nuh

    رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارَۢا

    Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin olaraq daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zalımların isə ancaq həlakını artır!”

  83. Yaratdıqlarının şərindən sığınıram

    113:1-5 · Al-Falaq

    قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ

    مِن شَرِّ مَا خَلَقَ

    وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

    وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِي ٱلۡعُقَدِ

    وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

    (Ey Peyğəmbər!) De: “Sığınıram sübhün Rəbbinə!

    Xəlq etdiklərinin şərindən,

    zülməti çökən gecənin şərindən,

    düyünlərə üfürən (cadugər) qadınların şərindən

    və həsəd apardığı zaman paxılın şərindən!”

  84. Vəsvəsə verənin şərindən sığınıram

    114:1-6 · An-Nas

    قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ

    مَلِكِ ٱلنَّاسِ

    إِلَٰهِ ٱلنَّاسِ

    مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ

    ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ

    مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ

    (Ey Peyğəmbər!) De: “Sığınıram insanların Rəbbinə,

    insanların Sahibinə,

    insanların İlahına!

    Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qaçıb) gizlənən şeytanın şərindən

    O şeytan ki, insanların sinələrinə (qəlblərinə) vəsvəsə salır,

    (O şeytan) cinlərdən də olur, insanlardan da!”

Ölçü

Fon seçin

WhatsApp

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play